logo

Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manat cərimələnəcək

11:44 25-04-2023 | icon 903
Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manat cərimələnəcək

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

YeniAvropa xəbər verir ki,sənəddə “Media haqqında” qanunun müvafiq maddəsi aşağıdakı redaksiyada təsdiq edilib:

Maddə 381. Media haqqında qanunvericiliyin pozulması

381.1.Media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə ‒

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

381.2. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə ‒

üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

381.3. Qanunla müəyyənləşdirilmiş hallardan başqa, media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə –

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

381.4. Media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə ‒

vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

381.5. Audiovizual media subyektləri tərəfindən yayımlanmış materialların saxlanılmasının “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə –

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

381.6. Audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı “Media haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət edilməməsinə görə –

vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.

381.7. Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa, digər audiovizual yayımçıların həmin proqramı yayımlamasına görə –

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.