logo

Allahşükür Paşazadə Mədinədə "Qurani-Kərim"in nəşr edildiyi Kral Fəhd kompleksində olub

18:48 28-03-2023 | icon 1057
Allahşükür Paşazadə Mədinədə "Qurani-Kərim"in nəşr edildiyi Kral Fəhd kompleksində olub

Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, dəvət və irşad naziri Şeyx Əbdüllətif Al Əş-Şeyxin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Mədinə şəhərində "Qurani-Kərim"in nəşr edildiyi Kral Fəhd nəşriyyat kompleksində olub.

YeniAvropa xəbər verir ki, nəşriyyat kompleksinin baş katibi Atif bin İbrahim Əl-Olayan ilə keçirilən görüş zamanı bu qurumun QMİ ilə əməkdaşlıq perspektivləri, Müqəddəs "Qurani-Kərim"in nəşri və tərcüməsi ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin üzvləri çap prosesini izləyib, nəşriyyat kompleksinin fəaliyyəti və gələcək planlarından bəhs edən vizual təqdimata baxıblar. Onlara məlumat verilib ki, Kral Fəhd kompleksi "Qurani-Kərim"in nəfis şəkildə çapdan çıxmış nüsxələrinə görə çoxlu beynəlxalq və yerli mükafatlara layiq görülüb.

Qonaqlara Qurani-Kərimin dünyanın ən nüfuzlu ilahiyyatçı alimləri tərəfindən qeyri-ərəb dillərinə tərcümə olunmuş nüsxələri də təqdim edilib.

Səudiyyə Ərəbistanında "Qurani-Kərim"in 350 milyondan çox nüsxəsi çap olunub. Müqəddəs kitab, həmçinin 76 dilə tərcümə edilib, dünyanın bütün ölkələrində yayılıb. Kral Fəhd nəşriyyat kompleksi ən yüksək keyfiyyətli kağızdan istifadə etməklə ildə 20 milyon nüsxə çap edir.