logo

FHN-in Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib

18:58 20-02-2023 | icon 1008
FHN-in Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlcə tədbirdə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra mərasimdə çıxış edənlər qeyd ediblər ki, prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan əzəli torpaqlarımızı 44 günə işğaldan azad edib, ərazi bütövlüyümüz bərpa olunub.

Bildirilib ki, Mülki müdafiə qoşunlarının şəxsi heyəti nəinki ölkəmizdə, eləcə də ölkəmizin sərhədlərindən kənarda baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında fədakarlıqla xidmət göstərirlər. Bu çərçivədə, prezident İlham Əliyevin göstərişinə əsasən qardaş Türkiyə ərazisində baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında Mülki müdafiə qoşunlarının şəxsi heyəti fədakarlıqla iştirak edir.Gənc əsgər Mətin Məsimli çıxış edərək hərbçi yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərinə, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkən insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, verilən tapşırıqları sözsüz yerinə yetirəcəklərinə, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə təntənəli söz verib.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.