logo

Geomaqnit sahədə qasırğa gözlənilir

11:33 20-02-2023 | icon 966
Geomaqnit sahədə qasırğa gözlənilir

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə rəsədxanadan məlumat verilib. Bildirilib ki, son 24 saat ərzində Günəş fəallığı zəif olub. Enerjisi 2 MeV-dən yuxarı olan elektronların seli normal və aşağı səviyyədə olub, enerjisi 10 MeV-dən yuxarı olan protonların axını isə fon səviyyəsində qalıb.

Geomaqnit sahəsinin maksimum fəallığı fevralın 18-də 5Kp-ə kimi artaraq G1 səviyyəli qasırğa qeydə alınıb. Hazırda isə Geomaqnit sahə sakitdir (1Kp).

Fevralın 20-dən 22-dək kosmik havanın aktivləşəcəyi gözlənilir. M sinif alışmanın baş verməsi ehtimalı 50 faiz, X sinif isə 15 faiz təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin normal və aşağı səviyyədə olacağı, enerjisi 10 MeV-dən yuxarı olan proton selinin isə 3229 oblastındakı aktivliklə bağlı olaraq artaraq S1 (15 faiz) səviyyəsinə qalxacağı proqnozlaşdırılır.

Geomaqnit sahəsinin fəallığı fevralın 17-də Günəşi tərk etmiş CME səbəbilə fevralın 20-də geomaqnit sahəsində G1-G2 səviyyəli qasırğa gözlənilir. Fevralın 21-də bir qədər sakitləşmiş geomaqnit sahəsinin fevralın 22-də müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə yenidən aktivləşəcəyi proqnozlaşdırılır.

Radiosiqnaların ötürülməsində də R1-R2 səviyyəli kəsilmə olması ehtimalı 50 faiz, R3 səviyyəli kəsilmə olması ehtimalı isə 15 faiz təşkil edir.