logo

Türkiyəyə qardaş köməyi - Bakıda yardım toplama kampaniyası davam edir

21:51 12-02-2023 | icon 1050
Türkiyəyə qardaş köməyi - Bakıda yardım toplama kampaniyası davam edir

Türkiyədəki dəhşətli zəlzələlərdən zərərçəkmiş insanlar üçün Bakıda yardım toplama kampaniyası altıncı gündür davam edir.

YeniAvropa xəbər verir ki, ölkəmizdə başlanılmış yardım kampaniyasına yerli şirkət və təşkilatlar, hər bir soydaşımız qoşulub. Yardımın toplandığı məntəqələrə gələn çoxsaylı vətəndaşlar türk qardaşlarına əllərindən gələn köməyi göstərməyə çalışırlar.

Yardımların qəbul edildiyi ünvanlara - Bakı İdman Sarayına və Heydər Əliyev adına İdman Kompleksinə əsasən qış paltarları, yorğan-döşək, ərzaq məhsulları, həmçinin zəlzələ bölgəsinin fasiləsiz enerji təminatı üçün stasionar generatorlar və qızdırıcı cihazlar gətirilir.

Yardım toplama məntəqələrində könüllülər, polislər, bir sözlə qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəs gecə-gündüz var gücü ilə çalışır. Gətirilən əşya və ləvazimatlar könüllülər tərəfindən çeşidlənərək qablaşdırılır, avtomobillərə yüklənir, bundan sonra qardaş ölkəyə yola salınır. Kampaniyada yüzlərlə gənc, həmçinin sıravi vətəndaşlar könüllü kimi fəaliyyət göstərir.

Qeyd edək ki, yardım kampaniyası Türkiyənin Azərbaycandakı səfirliyi və Heydər Əliyev Fondu tərəfindən təşkil olunub.

Fevralın 6-da Türkiyədə ard-arda 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Əsrin təbii fəlakəti adlandırılan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və çoxsaylı insan itkisinə səbəb olub. Son məlumatlara görə 29 mindən çox insan həyatını itirib. Bölgədə olan 147 min 934 nəfər təxliyə edilib.

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından xalqımız Türkiyə xalqına dəstək göstərir. Bu, qardaşlıq münasibətlərinin möhkəmliyinin, əbədiliyinin növbəti əyani təzahürüdür.

Ümumiyyətlə Türkiyəyə ilk yardım əlini uzadan ölkə Azərbaycan olub. Zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola salınıb. Hazırda zəlzələ bölgəsində FHN-in 750-yə yaxın əməkdaşı axtarış-xilasetmə və zəlzələnin fəsadlarının aradan qaldırılması işlərində çalışır.

Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən humanitar yardım göndərilməsi davam edir. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyi” adlı platforma yaradıb.

Son günlər yardım kampaniyasına bölgələrimiz də qoşulub.

Bundan başqa, qardaş türk xalqına yardım məqsədilə müxtəlif könüllü təşkilatlarının üzvlərindən ibarət 100 gənc qardaş ölkəyə yola düşüb. Azərbaycan könüllüləri zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edəcəklər.