logo

Şimal bölgəsinə 20 sm qar yağıb, 14 dərəcə şaxta var

09:29 09-02-2023 | icon 854
Şimal bölgəsinə 20 sm qar yağıb, 14 dərəcə şaxta var

Azərbaycanın şimal bölgəsində ən çox qar Qusarın Ləzə kəndinə yağıb. Burada qarın hündürlüyü 20 santimetrə çatır. Qusarın rayon mərkəzində isə 10 santimetr qar var.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən YeniAvropa-ya bildirilib ki, şimal rayonlarında ən aşağı temperatur (-14,2 dərəcə) Qubanın Xınalıq kəndində qeydə alınıb.

Qubanın rayon mərkəzində 9, Xınalıqda 16, Xaltanda 14, Qrızda 12, Xızı rayonunun Altıağac qəsəbəsində 7 santimetr hündürlüyündə qar qeydə alınıb.

Güclü qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.

Yollarda ən ciddi problem Quba-Qusar və Quba –Xınalıq yolunda qeydə alınıb. Quba-Qusar yolunun Digah kəndi ərazisindən keçən hissəsindəki dolaylarda, eniş və yoxuşlarda avtomobillərin hərəkəti çətinləşib.

Çətinlik yaşanan əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Quba və Qusarda yerləşən yerli idarələrinin növbətçi briqadaları, həmçinin yol polisi əməkdaşları cəlb olunub.

Hazırda Quba-Qusar, həmçinin Quba–Xınalıq yollarında ağır texnika ilə təmin edilən növbətçi briqadalar fəaliyyət göstərir. Bununla belə təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Xınalıq yolundan istifadə etməsi tövsiyə olunmur.

Bütün şimal bölgəsində qar yağmaqda davam edir.