logo

Bakıda dövlət qurumlarının İT rəhbərlərinin toplantısı keçirilib

12:32 07-02-2023 | icon 924
Bakıda dövlət qurumlarının İT rəhbərlərinin toplantısı keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə fevralın 7-də “The Ritz-Carlton Baku” otelində “Dövlət Qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin I zirvə toplantısı” keçirilib.

YeniAvropa xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Xidmətin tədbirlər planına əsasən keçirilən zirvə toplantısı 7 fevral – Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunub. Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətlərinin bu sahədə təcrübə mübadiləsi aparması və informasiya təhlükəsizliyi üçün təhdidlərin birgə qiymətləndirilməsinə həsr edilən tədbirə 73 dövlət qurumundan nümayəndələr qatılıblar.

Tədbirdə Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general–mayor Allahverən İsmayılov fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və genişmiqyaslı dağıntıların xalqımızı dərindən sarsıtdığını vurğulayıb.

O, Beynəlxalq Təhlükəsiz İnternet Gününün Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq hər il fevralın 7-də qeyd olunduğunu bildirib. Diqqətə çatdırıb ki, bu təşəbbüsün əsas məqsədi internetdən təhlükəsiz istifadəni təbliğ etmək və mövcud təhdidlərə qarşı dövlət qurumlarının informasiya təhlükəsizliyini gücləndirməkdir.

Sonra Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov “Görülən işlər, yeniliklər və gələcək planlar” mövzusunda təqdimatla çıxış edərək, dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən, qarşısı alınmış kiberhücumlardan, yeni kibertəhdidlər və onlarla effektiv mübarizə üçün atılmış addımlardan, dövlət qurumlarının informasiya təhlükəsizliyi sahəsində fəaliyyətinə aid qiymətləndirmə meyarlarından və statistik göstəricilərindən danışıb. O, həmçinin tədbir iştirakçılarına Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qurumlarının istifadəsi üçün hazırladığı yeni platformalar – kibertəhdidlərlə daha səmərəli mübarizə üçün qurulmuş yeni nəsil SOC sistemi, yeni elektron poçt xidməti və onun imkanları, genişlənən və dayanıqlılığı artırılan “AzStateNet” şəbəkəsi, mübadilə olunan dövlət məlumatlarının sızmadan qorunması üçün “wetransfer” alternativi yaradılan yeni “share.gov.az” xidməti və Avropanın “Open CSIRT Foundation” təşkilatı ilə birgə işlənmiş “SİM3” layihəsi barədə məlumat verib.

Daha sonra “PaloAlto Networks” şirkətinin region üzrə meneceri Kurşad Demirsoy, Milli Məclisin İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov, Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı baş idarəsinin baş mütəxəssisi Bayraməli Nəzərov “Active Directory” istifadəsi zamanı müəssisələrdə ortaya çıxa biləcək təhlükəsizlik riskləri və onlarla mübarizə üsulları barədə təqdimatlarla çıxış ediblər.

Tədbir yeni təhdidlər, onların həll yolları və dövlət qurumlarının üzləşdikləri problemlərin müzakirəsi ilə başa çatıb.