logo

Sinoptiklərdən xəbərdarlıq:Fevralın ilk günlərində hava qeyri-sabit olacaq

14:54 01-02-2023 | icon 882
Sinoptiklərdən xəbərdarlıq:Fevralın ilk günlərində hava qeyri-sabit olacaq

Fevral ayında havanın orta aylıq temperaturunun kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir. Fevralın ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 3-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 2-7° isti, bəzi günlərində 0-5° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 2-5° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 21-24 millimetr).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 1° şaxtadan 2°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturunun gecələr 5-10°, bəzi günlərdə 13-18° şaxta, gündüzlər 0-5° isti, bəzi günlərdə 2-7° şaxta olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 11-29 millimetr).

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 0-3° şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2° aşağıdır. Havanın temperaturunun gecələr 5-10°, bəzi günlərdə 15-20° şaxta, gündüzlər 0-5°, bəzi günlərdə 5-10° şaxta olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı bildirilir (norma 25-36 millimetr).

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 0-5° isti, bəzi günlərdə 3-8° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 5°-dək şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-36 millimetr).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturu 1° şaxtadan 3°-dək isti olacaq. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 0-5° şaxta, bəzi günlərdə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüzlər 4-9° isti, bəzi günlərdə 5°-dək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacaq (norma 24-55 millimetr).

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 4-6° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturunun gecələr 0-5° isti, bəzi günlərdə 3-8° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 0-3° şaxta olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı proqnozlaşdırılır (norma 21-35 millimetr).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturu 1-4° isti olacaq. Bu da iqlim normasına yaxın və 1° aşağıdır. Havanın temperaturunun gecələr 0-5° isti, bəzi günlərdə 5°-dək şaxta, dağlarda 12-17° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 0-3° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 44-105 millimetr).