logo

DYP: Nömrənin üstünü süni şəkildə çirkləndirmək yolverilməzdir

09:54 16-01-2023 | icon 819
DYP: Nömrənin üstünü süni şəkildə çirkləndirmək yolverilməzdir

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edib.

İdarədən YeniAvropa-ya bildirilib ki, müraciətdə deyilir: “Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, qanunvericiliyin tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır.

Ötən günlərdə ölkə ərazisində müşahidə olunan qarlı, çiskinli hava ilə əlaqədar yollarda çirkli su və ya palçığın yaranma ehtimalı artdığından, sürücülər avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdırlar. Lakin bir sıra hallarda sürücülərin mövcud hava şəraitindən sui-istifadə edərək nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının təmizliyinə əhəmiyyət verməməsi, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirmələri yolverilməzdir.

Dəyərli sürücülər! Unutmayaq ki, idarə etdiyimiz nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaqla həm üzərimizə düşən vəzifəni yerinə yetirir, həm də ölkəmizdə sürücü intizamının yüksəlməsinə töhfə vermiş oluruq”.