logo

Bayılda mənzildə yanğın, ardınca isə partlayış olub

09:49 09-01-2023 | icon 987
Bayılda mənzildə yanğın, ardınca isə partlayış olub

Bu gün saat 04:00 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Səbail rayonunun Bayıl qəsəbəsində mənzillərdən birində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “fin” tipli taxta konstruksiyalardan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən birotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyənləşdirilib.

FHN-nin qüvvələri əməliyyat şəraitinə uyğun olaraq həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində birinci mərtəbədəki birotaqlı mənzil 35 kvadratmetr və ikinci mərtəbədəki digər birotaqlı mənzil 35 kvadratmetr sahədə yanıb. Partlayış dalğasının təsirindən hər iki mənzilin divarları dağılıb və mənzillər yararsız vəziyyətə düşüb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının binadakı digər mənzillərə keçməsinə imkan verilməyib. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər vətəndaş xilas olunub, iki nəfər yüngül bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.