logo

Güclü qar Muğanlı-İsmayıllı yolunda hərəkəti çətinləşdirib

15:25 08-01-2023 | icon 2926
Güclü qar Muğanlı-İsmayıllı yolunda hərəkəti çətinləşdirib

Ötən gecədən başlayaraq yağan güclü qar Muğanlı-İsmayıllı avtomobil yolunda bəzi çətinliklər yaradıb. Çovğun və yolun buz bağlaması səbəbindən minik avtomobillərinin, sərnişin mikroavtobuslarının, yük maşınlarının hərəkəti çətinləşib.

YeniAvropa xəbər verir ki, bu barədə 9 nömrəli “Yol İstismar” MMC- nin İstehsalat rəisi Fazil Qasımov bildirib. Onun sözlərinə görə, güclü külək dağlardakı qarı yola tökərək avtomobillərin hərəkətinə mane olur. Əraziyə yol istismar idarəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib, yola duz və qum səpilir: “Canlı qüvvə və texnika səhər saatlarından qarın təmizlənməsinə və yola duz səpilməsinə start verib. Hazırda işlər davam etdirilir. Yaranan çətinliklər aradan qaldırılıb. İndi həm şimal-qərb rayonları, həm də paytaxt istiqamətində avtomobillərin hərəkəti davam edir. Avtomobillərinin şinləri qarlı hava üçün uyğun olmayan sürücülərə yollardan istifadəni məhdudlaşdırmaq tövsiyə olunub. Çalışırıq ki, yolda hərəkət dayanmasın. Ən çox qar Muğan-İsmayıllı yolunun Basqal ərazisindən keçən hissəsinə düşüb - 30 santimetr”.

Bundan əlavə, İsmayıllı, Ağsu və Şamaxı ərazilərinə yağan qar səbəbindən Ağsu aşırımında, Muğanlı-İsmayıllı dolaylarında, Lahıc-Dəmirçi-Pirqulu yolunda avtomobillərin hərəkəti çətinləşib. Hazırda bu yollarda çox az sayda minik avtomobili hərəkət edə bilir.