logo

DYP hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

10:50 07-01-2023 | icon 1407
DYP hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

Yanvarın 8-dən başlayaraq 12-dək Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı və bəzi yolların buz bağlayacağı gözlənilir.

YeniAvropa xəbər verir ki, hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edib.

“Ehtiyatlı olmağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edirik.

Digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava şəraitinə görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar”, - müraciətdə deyilir.