logo

Magistraturaya sınaq imtahanına qeydiyyat başlayıb

12:52 04-01-2023 | icon 5082
Magistraturaya sınaq imtahanına qeydiyyat başlayıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün yanvarın 29-da keçiriləcək sınaq imtahanına qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) YeniAvropa-ya bildirilib ki, imtahan Bakı ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər yanvarın 15-i saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 40 (qırx) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının epayment.dim.gov.az səhifəsində verilib).

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri (şəhəri) seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, xarici dil seçilir və “Qeydə al” düyməsi basılır.

İmtahan yeri (bina) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.