logo

İTV “Eurovision-2023” üçün ifaçı seçiminə başlayıb

13:53 08-12-2022 | icon 10108
İTV “Eurovision-2023” üçün ifaçı seçiminə başlayıb

 "Eurovision” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək  “Eurovision-2023”  müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayıb.

İTV-dən YeniAvropa-ya bildirilib ki,seçimlərdə iştirak etmək istəyən ifaçılar və bəstəkarlar dekabr ayının 31-nə qədər öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və Avroviziya üçün hazırlanmış yeni mahnılarını "[email protected]" elektron ünvanına göndərə bilərlər.

Göndəriləcək mahnıların demo versiyaları tam hazır (sözlər, ifa, xronometraj) və Avroviziya mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2022-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədi ilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.

Qeyd edək ki,“Eurovision-2023”mahnı müsabiqəsi Liverpulda 9, 11 və 13 may tarixlərində baş tutacaq.

Müsabiqədəki Azərbaycan nümayəndə heyətinin rəhbəri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorunun müavini Vasif Məmmədovdur.