logo

Şeyxülislam Allahşükür Paşazad Moskvaya səfərə gedir

13:13 05-12-2022 | icon 2989
Şeyxülislam Allahşükür Paşazad Moskvaya səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dekabrın 6-9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq.

QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, şeyxülislam Allahşükür Paşazadə dekabrın 8-9-da Moskva şəhərində keçiriləcək “Ədalət və mötədillik – dünya nizamının ilahi prinsipləri” mövzusunda 18-ci Beynəlxalq müsəlman forumunda iştirak edəcəkdir. Tədbir Peyğəmbər Məhəmməd Salavatullahın hicrətinin 1400 illiyi, Volqaboyu bulqarlarının İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunub. “Beynəlxalq Müsəlman Forumu” təşkilatının, Rusiya Müsəlmanlarının Ruhani İdarəsi tərəfindən keçiriləcək forumda mötədillik, mehriban qonşuluq, konfessiyalar və millətlərarası anlaşma, ümmətdaxili münasibətlər kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

QMİ sədri A. Paşazadə beynəlxalq forumda məruzə ilə çıxış edəcək, tədbir çərçivəsində tədbirlərdə iştirak edəcək, nüfuzlu din xadimləri ilə görüşlər keçirəcək.

Səfər çərçivəsində QMİ sədri şeyxülislam A.Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Zati-müqəddəsləri Kiril həzrətləri ilə görüşü də nəzərdə tutulur. Dini liderlər Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dinlərarası dialoq və əməkdaşlıq sahəsində perspektivləri müzakirə edəcəklər.