logo

Dekabrın 7-dək ölkə ərazisində hava şəraiti yağıntılı olacaq

16:16 02-12-2022 | icon 1505
Dekabrın 7-dək ölkə ərazisində hava şəraiti yağıntılı olacaq

Bu gün hava şəraitində müəyyən sabitləşmə qeydə alınır. Lakin çox soyuq antisiklon Xəzər dənizinin şimalına yaxınlaşır. Soyuq hava kütlələri respublikanın daha çox şimal və şərq rayonlarını əhatə edəcək. Dekabrın 3-dən yenidən yağıntılı dövr başlayacaq və dekabrın 7-nə kimi yağıntılar davam edəcək. Ən soyuq hava şəraiti dekabrın 4-dən 6-dək müşahidə olunacaq.

YeniAvropa xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

“Paytaxtda havanın temperaturu gecə və gündüz bir-birinə yaxın olacaq. Bakıda 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu, dekabr ayının norma göstəriciləri ilə müqayisədə bir qədər aşağıdır. Şaxta gözlənilmir. Buna görə də Bakıda və Abşeron yarımadasında yağıntılar əsasən yağış şəklində olacaq. Qar mənzərələri görmək istəyənlər Böyük və Kiçik Qafqazın rayonlarına səyahət edə bilərlər. İstirahət günlərində həmin zonalarda yağıntıların bir qədər intensiv olacağı ehtimal edilir. Dağlıq rayonlarda qar yağacaq”, - deyə U.Tağıyeva qeyd edib.