Rusiya Federasiyası Tatarıstan Respublikasının baş nazirinin müavini, Tatarıstan Respublikasının sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub.
AZPROMO-dan YeniAvropa-ya bildirilib ki, agentliyin rəhbəri Yusif Abdullayev qurumun fəaliyyət istiqamətləri və hədəfləri, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Bakıda keçiriləcək Azərbaycan-Tatarıstan biznes forumunun iş adamları arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulayıb.
Tatarıstan Respublikasının Baş nazirinin müavini, Tatarıstan Respublikasının sənaye və ticarət naziri Oleq Korobçenko ölkəsinin Azərbaycanla tərəfdaşlığa önəm verdiyini qeyd edib, Tatarıstan-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan məhsullarının ixracı, investisiya və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.