logo

Azərbaycan prezidenti Kasım-Jomart Tokayevi təbrik edib

12:02 21-11-2022 | icon 1869
Azərbaycan prezidenti Kasım-Jomart Tokayevi təbrik edib

Prezident İlham Əliyev noyabrın 21-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının prezidenti vəzifəsinə növbədənkənar seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Səsvermənin nəticələri xalqınızın Sizə olan böyük inam və etimadının bariz təzahürü, qardaş Qazaxıstanın hərtərəfli inkişafı yolunda fəaliyyətinizə verilən yüksək qiymətdir.

Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Qazaxıstan dövlətlərarası əlaqələrini şərtləndirən başlıca amillərdəndir. Bu gün çoxşaxəli münasibətlərimizin və əməkdaşlığımızın qarşılıqlı hörmət və etimad ruhunda inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə məsul fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".