logo

Azərbaycan-Gürcüstan diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub

17:47 17-11-2022 | icon 2583
Azərbaycan-Gürcüstan diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub

Noyabrın 17-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, tədbirdə nazirliyin rəhbər heyəti, Gürcüstanın Azərbaycandakı səfiri, habelə səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra iki ölkənin xarici işlər nazirlərinin diplomatik əlaqələrin 30 illiyi münasibətilə qarşılıqlı şəkildə ünvanladıqları məktubların mübadiləsi həyata keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanla Gürcüstan arasında əlaqələrin tarixi köklərə və dostluq ənənələrinə əsaslandığını, son 30 ildə münasibətlərin bir çox istiqamətlər üzrə dinamik inkişaf etdiyini bildirib. Nazir müavini iki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, humanitar və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb. X.Xələfov Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabrında Gürcüstana səfərinin ölkələrimiz arasında ikitərəfli siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafına xüsusi təkan verdiyini məmnunluqla qeyd edib. Nazir müavini əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, hər iki xalqa sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.

Daha sonra çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze 30 il ərzində Azərbaycan və Gürcüstan arasında əlaqələrin inkişafında əldə olunan nailiyyətləri qürurla qeyd edərək, tədbir iştirakçılarını bu əlamətdar tarix münasibətilə təbrik edib. Səfir Azərbaycan ilə Gürcüstan arasında bir çox istiqamətlər üzrə mövcud olan yüksək səciyyəli əməkdaşlığı məmnunluqla qeyd edib. Eyni zamanda, səfir iki ölkə arasında müxtəlif sahələri əhatə edən yüzdən çox sənədin imzalanmasına istinad edib, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişlənməsini məmnunluqla vurğulayıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar.