logo

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzində Zəfər Günü qeyd edilib

21:12 08-11-2022 | icon 1666
Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzində Zəfər Günü qeyd edilib

Bu gün bütün dünya azərbaycanlıları kimi Münhen azərbaycanlıları da Zəfər Gününü qeyd edib.

YeniAvropa xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi ilə birgə həmin şəhərdə yerləşən Azərbaycan Evində keçirdiyi tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Səttar Kərimov qonaqları salamlayaraq onları Vətən uğrunda canlarından keçən şəhidləri bir dəqiqəlik sükutla anmağa dəvət edib.

Çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Zəfər Günü münasibətilə Münhen icmasına təbriklərini çatdırıb. O 2022-ci il ərzində komitənin gördüyü işlər barədə hesabat xarakterli çıxış edib.

Tədbirdə iştirak edən Münhen Klinikasının professoru azərbaycanlılara təbriklərini çatdırıb. O, Azərbaycana etdiyi səfərin onda yaratdığı xoş təəssüratlar haqqında danışıb. Daha sonra söz yenicə rəsmi qeydiyyatdan keçmiş “Dağ yəhudiləri”nin rəhbəri Firuzə Yuşvayevaya verilib. Firuzə Yuşvayevaya öz növbəsində, Azərbaycanda yaşayan yəhudilərin tarixinə toxunub və yeni qeydiyyatdan keçmiş qurum haqqında məlumat verib. Tədbirdə Almaniyada doğulub böyüyən azərbaycanlı gənclər də öz təbrik çıxışlarını ediblər.

Daha sonra Səttar Kərimov Azərbaycanın Xalq artisti Rasim Abdullayevin Münhen şəhərində yaşayan qızı, məşhur pianoçu Ülviyyə Abdullayevanı səhnəyə dəvət edib. Axşam piano konserti ilə davam etdirilib. Konsertdə bu il 100 illiyi qeyd olunan dahi bəstəkar Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun, Qara Qarayevin və Almaniyada yaşayan gənc bəstəkar Günay Mirzəyevanın bəstələri səsləndirilib. Konsert Cövdət Hacıyevin balladası ilə başa çatıb. Tədbirin sonunda qonaqlar furşet masasına dəvət olunublar.