logo

Zəfər Günü münasibətilə Ağalıda bayram konserti olub

19:58 08-11-2022 | icon 1799
Zəfər Günü münasibətilə Ağalıda bayram konserti olub

“Böyük Qayıdış”ın ilk qədəmlərinin qoyulduğu Zəngilan rayonu Ağalı kəndində Zəfər Günü təntənəli şəkildə qeyd olunub.

YeniAvropa xəbər verir ki, əvvəlcə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev başda olmaqla nümayəndəliyin və “Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsin əməkdaşları Zəngilan şəhər Şəhidlər xiyabanını ziyarət edib, bizə Zəfər sevincini yaşadan şəhidlərin xatirələri ehtiramla anılıb.

Daha sonra Ağalı kəndində şanlı Qələbəmizin şərəfinə ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Prezidentin xüsusi nümayəndəsi, bir qrup zəngilanlı alim və ziyalı, Ağalı kənd tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Zəfər Gününə həsr olunan təntənəli tədbirə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı şanlı Zəfərin tarixi əhəmiyyətindən, Qələbədən sonrakı iki il ərazində görülmüş irimiqyaslı bərpa-quruculuq işlərindən, “Böyük Qayıdış” dan danışıb və sonda hər kəsi Zəfər Günü münasibətilə təbrik edib.

Şanlı Zəfəri şəhidlərimizə, qazilərimizə əbədi borclu olduğumuzu vurğulayan “1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsin icraçı direktoru Növrəs Cəfərov, həmçinin Şərqi Zəngəzurda hazırda başlayan tikinti quruculuq işlərinin əhəmiyyətindən danışıb.

Daha sonra tədbir möhtəşəm konsert proqramı ilə davam edib. Konsert proqramında Zəfər Gününə, Ali Baş Komandanımıza, Ordumuza, Vətənimizə həsr olunan mahnılar ifa edilib. Tanınmış incəsənət xadimlərinin, dövlət rəqs ansamblının, nəfəsli alətlər ansamblının, Qaya ansamblının çıxışları böyük coşqu ilə qarşılanıb. Bayram konserti Qələbə yallısı ilə başa çatıb.n”.