logo

Londondakı “Qarabağ” məktəbində Zəfər Gününə həsr edilən videoklip hazırlanıb

18:18 08-11-2022 | icon 1694
Londondakı “Qarabağ” məktəbində Zəfər Gününə həsr edilən videoklip hazırlanıb

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında onlayn formatda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoklip hazırlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən YeniAvropa-ya bildirilib ki, klipdə ifa edilən “Dostluq” himninin sözləri və musiqisi məktəbin musiqi müəllimi Dr. Səadət Fərziyevaya məxsusdur. Klipin prodüseri məktəbin digər musiqi müəllimi Rasim Fərziyevdir.

Azərbaycan və ingilis dillərində ifa edilən “Dostluq” himni insanları sülhə dəvət edən, barışın və dostluğun bəşəriyyət üçün vacib dəyər olduğunu əks etdirən çağırışdır. Bu himni səsləndirməklə məktəb şagirdləri sülhün qorunmasının uşaqlarımızın, gələcək nəsillərin və bütövlükdə gələcəyimizin zəmanəti olduğuna diqqəti cəlb ediblər. Videoklip müxtəlif dillərdə “Biz sülh istəyirik!” çağırışı ilə yekunlaşıb.

Qeyd edək ki, videoklip Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Britaniya Azərbaycanlıları Cəmiyyətinin, “Qarabağ” onlayn həftəsonu Azərbaycan məktəbinin kollektivinin və valideynlərin təşəbbüsü ilə gerçəkləşdirilib.

Məktəbin direktoru, Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova əmindir ki, klip tamaşaçıların qəlbini oxşayacaq: “İnanıram ki, məktəbimizin müəllimlərinin və şagirdlərinin ərsəyə gətirdiyi bu klip torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçən övladlarımızın əziz xatirəsinə töhfədir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və qəhrəman Ordumuzun əzmi ilə qazandığımız Zəfər bayramı yaddaş tarixində öz yerini tutacaq”.

Qeyd edək ki, “Qarabağ” onlayn məktəbi 2021-ci ilin sentyabrın 27-də təsis olunub. Bu tarixin 27 Sentyabr – Anım Günü ilə üst-üstə düşməsi təsadüfi deyil. Bu addım Qarabağın işğaldan azad olunması uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinə Birləşmiş Krallıqda yaşayan Azərbaycan icmasının nümayiş etdirdiyi dərin ehtiram hissi idi.

“Qarabağ” məktəblərinin yaradılmasının ideya müəllifi və təşəbbüskarı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Məktəblərdə şagirdlərə Azərbaycan dili, tarixi, musiqisi üzrə dərslər tədris olunur. Ölkəmizin zəngin mədəniyyəti, adət-ənənələri, ən başlıcası isə milli kimliyimiz və azərbaycançılıq təbliğ edilir.

Videoklipi aşağıdakı linkdən izləmək mümkündür:

https://vimeo.com/768349700/702741657e