logo

Estoniyada Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib

19:19 07-11-2022 | icon 13531
Estoniyada Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib

Estoniyanın paytaxtı Tallinndə 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən YeniAvropa-ya bildirilib ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Estoniyadakı səfirliyinin əməkdaşları, Estoniyanın rəsmi şəxsləri, yerli ictimaiyyətin, Azərbaycan və türk icmasının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan və qonaqları salamlayan dövlət komitəsinin sədri Fuad Muradov soydaşlarımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək dövlətimizin və xalqımızın Azərbaycan torpaqlarının 30 illik əsarəti ilə heç bir zaman barışmadığını bildirib. Məhz bu əzmin nəticəsində iki il əvvəl Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz torpaqlarımızı işğaldan qurtarmaqla Zəfərimizi təmin etdi. Fuad Muradov Vətən müharibəsində canından keçən şəhidlərimizin böyük ehtiramla yad edildiyini, Azərbaycan dövlətinin qazilərimizin şücaətini yüksək səviyyədə qiymətləndirdiyini diqqətə çatdırıb.

Komitə sədri azadlığına qovuşmuş Qarabağ iqtisadi rayonunda irimiqyaslı yenidənqurma və abadlıq işlərinin aparıldığına, Böyük Qayıdış proqramına start verildiyinə diqqəti cəlb edib. 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə Azərbaycan həqiqətlərini Estoniya ictimaiyyətinə çatdıran Azərbaycan diasporuna və gənc soydaşlarımıza təşəkkürünü bildirən Fuad Muradov Estoniya dövlətinin hər zaman ölkəmizə dəstək olduğunu məmnunluqla vurğulayıb.

Sonra Estoniya-Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri Niyazi Hacıyev çıxış edib.

Tədbirin bədii hissəsində çıxış edən Estoniya Balet Teatrının solisti Olqa Zaytseva və skripka ifaçısı Mari Liis Uibonun ifasında Azərbaycan və eston bəstəkarlarının əsərləri təqdim olunub.

Tədbir çərçivəsində eston və Azərbaycan musiqiçilərinin ifasında musiqili diskin təqdimatı olub.

file..01-2-0