Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) təşkilatçılığı və “Kapital Bankın” dəstəyi ilə noyabrın 6-dan Bakıda “Bakı Alış-Veriş Festivalı” (Baku Shopping Festival) keçiriləcək.
AFRA-dan YeniAvropa-ya bildirilib ki, “Bakı Alış-Veriş Festivalı” noyabrın 6-20-də təşkil olunur və şəhərimizin seçilən ticarət mərkəzlərini, eləcə də şəhər mağazalarını əhatə edəcək.
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərid Novruzinin sözlərinə görə, “Bakı Alış-Veriş Festivalı”nın keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən sahibkarların fəaliyyətinə dəstək verməklə yanaşı, istehlakçılar üçün brend geyimləri daha sərfəli və əlçatan etməkdən ibarətdir.
“Assosiasiya olaraq bu, bizim ilk müştərək işimizdir, əgər festivalın nəticələri gözləntilərimizi doğrultsa, gələcəkdə belə tədbirlərin və festivalda təmsil olunan dünya brendlərinin sayı artırılacaq. Müşayiət olunan turizm axınına dəstək və ölkə iqtisadiyyatının inkişafına töhfə vermək “Bakı Alış-Veriş Festivalı”nın məqsədlərindəndir”, - deyə Fərid Novruzi qeyd edib.
Festivalda 68 dünya geyim brendi iştirak edir. Alıcılara brenddən asılı olaraq 20 faizdən 50 faizədək endirimlər, eləcə də xüsusi endirim aksiyaları və endirim kuponları təklif olunacaq.