Cari ilin ilk üç rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə fəaliyyətlərə təqribən 337 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 204 milyon dollar əsaslı məsrəflər xərclənib.
"BP"dən YeniAvropa-ya bildirilib ki, üçüncü rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (25 min), “Mərkəzi Azəri” (105 min), “Qərbi Azəri” (108 min), “Şərqi Azəri” (63 min), “Dərinsulu Günəşli” (77 min) və “Qərbi Çıraq” (40 min) platformalarından birlikdə – gündə orta hesabla 418 min barel və ya ümumilikdə təxminən 114 milyon barel, yəni 15 milyon ton olub.
Rübün sonunda AÇG-nin ümumilikdə 137 neft hasilat quyusu, 33 su injektor quyusu və 8 qaz injektor quyusu istismar edilib.
AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.