logo

Azərbaycanla Türkiyə ailə, qadın və uşaq məsələləri ilə bağlı Fəaliyyət Planı imzalayıb

16:10 04-11-2022 | icon 1463
Azərbaycanla Türkiyə ailə, qadın və uşaq məsələləri ilə bağlı Fəaliyyət Planı imzalayıb

Noyabrın 4-də İstanbulda “Azərbaycan və Türkiyə Hökumətləri arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” imzalanıb.

YeniAvropa xəbər verir ki, sənədi prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan hökuməti adından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri xanım Dərya Yanık imzalayıblar.

Türkiyə və Azərbaycan respublikalarının müvafiq qurumları tərəfindən hazırlanan Fəaliyyət Planında ailə, qadın və uşaq məsələləri ilə bağlı birgə fəaliyyətlərin həyata keçirilməsi üçün tematik işçi qrupların təşkili planlaşdırılır. Sənəddə türk dövlətlərində ailə dəyərlərinin təbliği, dəstəklənməsi, daha da gücləndirilməsi məqsədilə “Türk Dünyası Ailə Festivalı”nın keçirilməsi, ailə, qadın və uşaq sahəsində konfrans, seminar, təlim və belə proqram və tədbirlərdə qarşılıqlı iştirakın təmin edilməsi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi ilə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi yanında Uşaq Məsləhət Şurasının uşaq hüquqlarının qorunması, uşaqların ictimai fəaliyyətlərdə iştirakının və liderlik qabiliyyətlərinin artırılması sahəsində birgə fəaliyyətlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Fəaliyyət Planında, həmçinin ailəyönümlü xidmətlər, ailə təhsili, ailə məsləhət xidmətləri və psixososial dəstək sahələrində, eyni zamanda, erkən uşaqlıq dövrünün inkişafına dair siyasətin formalaşdırılması üzrə təcrübə mübadiləsi məsələləri də əksini tapıb.

2023-2025-ci illəri əhatə edən Fəaliyyət Planı bərabərlik və qarşılıqlı fayda əsasında tərəflərin ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində əməkdaşlığının daimi inkişafını təmin etməyi hədəfləyir.