logo

Prokurorluq orqanlarına  qəbul olmaq istəyənlər noyabrın 18-də imtahan verəcəklər

13:13 04-11-2022 | icon 1267
Prokurorluq orqanlarına  qəbul olmaq istəyənlər noyabrın 18-də imtahan verəcəklər

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət olunmaqla noyabrın 18-də saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin İdman Sarayında (ünvan: Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsi 5) keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, imtahanı müşahidə etmək üçün müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət olunacaqlar.

Yazılı imtahana buraxılmış namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməklə imtahanda iştirak edə bilərlər.

Namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana azı 1 saat qalmış imtahan keçiriləcək binanın qarşısında olmalıdırlar.

İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əksini tapıb.

Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı noyabrın 16-17-də saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Baş Prokurorluğun inzibati binasının qəbul otağında (ünvan: Bakı şəhəri Nigar Rəfibəyli küçəsi 7) ala bilərlər.

İmtahanla bağlı əlavə məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.