logo

Yol Polisi “Qarabağ”–“Frayburq” oyunu ilə bağlı azarkeşlərə müraciət edib

13:31 03-11-2022 | icon 1393
Yol Polisi “Qarabağ”–“Frayburq” oyunu ilə bağlı azarkeşlərə müraciət edib

Bu gün - noyabrın 3-də azarkeşlər “Qarabağ” – “Frayburq” oyunu keçirilən stadiona gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

“Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı tur çərçivəsində Azərbaycan çempionu “Qarabağ” Almaniyanın “Frayburq” komandası ilə Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Qarabağ” klubuna uğurlar arzulayırıq.

Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki, ərazidə metronun “Gənclik” stansiyasının olması, avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən, ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.

Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, - DYP baş inspektor vurğulayıb.