logo

“Azərbaycanda yaşıl transformasiya” konfransı keçirilir

11:33 02-11-2022 | icon 1960
“Azərbaycanda yaşıl transformasiya” konfransı keçirilir

Noyabrın 2-də Bakıda BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqları” təşəbbüsü çərçivəsində “Azərbaycanda yaşıl transformasiya” konfransı keçirilir.

YeniAvropa xəbər verir ki, baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bu konfransın ölkəmizin “yaşıl inkişaf ilə bağlı göstəriciləri” üzrə inkişafını izləmək üçün və inkişafın əldə edilməsi istiqamətində təkliflərin verilməsində vacib rol oynayacağını bildirib.

Qeyd edib ki, Azərbaycan “yaşıl enerji”, “yaşıl inkişaf” baxımından layihələrin həyata keçirilməsini öz üzərinə götürüb. 2030-cu ilə qədər həyata keçiriləcək bu öhdəliklər “yaşıl enerji” balansında mühüm əhəmiyyət daşıyır. Azərbaycan nisbətən gənc dövlət olmasına baxmayaraq, BMT və bəşəriyyətin gələcəklə bağlı layihələrində yaxından iştirak edir və edəcək.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva diqqətə çatdırıb ki, bu platforma Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasının sürətləndirilməsinə təkan verəcək. İlk dialoq Azərbaycanda “yaşıl transformasiya”ya həsr olunub. Bu da hazırkı zamanda vacib müzakirə mövzusudur.

Vladanka Andreeva deyib: “Azərbaycan hökuməti Qarabağda azad olunmuş ərazilərdə “yaşıl zona”nın yaradılması istiqamətində işləri davam etdirir. Vətəndaş cəmiyyətinin, akademik çevrənin, hökumətin fəal fəaliyyəti dayanıqlı inkişaf məqsədlərinə çatmaq prosesində rol oynayacaq”.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vurğulayıb ki, ərazilərimizin təxminən 30 ildən sonra işğaldan azad edilməsi iqlim dəyişmələrinin təsirinin yumşaldılması və azaldılması üçün yeni imkan yaradıb. Həmin ərazilərin bərpası zamanı “yaşıl kənd təsərrüfatı”, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi, ekoloji təmiz texnologiyaların, bərpaolunan enerji mənbələrindən istifadə bu ərazilərin dayanıqlı inkişafında mühüm rol oynayacaq. Burada “yaşıl enerji” zonalarının yaradılması və meşələrin bərpası iqlim dəyişmələrinin təsirinin yumşaldılması hədəflərinə çatmağa imkan verəcək.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, qlobal tendensiyaları və çağırışları qəbul etməklə, Azərbaycan 2021-2030-cu illəri əhatə edən pandemiya və münaqişədən sonrakı dövr üçün keyfiyyətcə yeni bir strateji mərhələyə qədəm qoyub. Bu çərçivədə Azərbaycan Hökuməti qarşıdakı onillikdə ölkənin sosial-iqtisadi və ətraf mühit inkişafı istiqamətində uzunmüddətli təkamül yollarını hədəfləyən beş milli prioriteti müəyyənləşdirib. Azərbaycanın yeni strateji inkişaf mərhələsində milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi, davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, ölkənin “yaşıl enerji” məkanına çevrilməsi və ətraf mühitin sağlamlaşdırılması, azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası və sair kimi məqsədlər hədəflənir. Hazırda işğaldan azad olunmuş ərazilərdə müasir infrastruktura uyğun olaraq “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının, eləcə də “yaşıl enerji zonası” layihələrinin tətbiqi, ekoloji mühitin bərpası və sağlamlaşdırılması istiqamətində işlər davam etdirilir.

Konfransda Azərbaycanın “yaşıl inkişaf” göstəriciləri və “yaşıl DİM-lər” üzrə inkişafının təhlilinin əsas nəticələri və ölkəmizin “yaşıl transformasiya”sının sürətləndirilməsi və “yaşıl DİM”lərə nail olunması perspektivləri, Azərbaycanda “yaşıl transformasiya”nı sürətləndirmək üçün yeni yolların müəyyənləşdirilməsi və sair mövzularda müzakirələr aparılacaq.