logo

Azərbaycan Orta Dəhlizin inkişafına dair tədbirdə iştirak edib

14:58 21-10-2022 | icon 2646
Azərbaycan Orta Dəhlizin inkişafına dair tədbirdə iştirak edib

Azərbaycan bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun(Orta Dəhliz) inkişafına dair İşçi qrupunun iclasında, eləcə də bu dəhlizlə bağlı yaradılmış Beynəlxalq Assosasiyanın ümumi yığıncağında təmsil olunub.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.

Məlumata görə, yığıncağa ASCO-nun sədri Rauf Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti qatılıb. Yığıncaqda Beynəlxalq Assosasiyanın İdarə Heyətinin tərkibində dəyişiklik edilməsi, ötənilki maliyə-təsərrüfat fəaliyyətinə dair audit hesabatının təsdiqlənməsi, eləcə də Beynəlxalq Assosiasiyanın bu ilin 9 ayındakı fəaliyyətinin yekunları, Orta Dəhlizin potensialından səmərəli istifadə edilməsi, marşrutla yüklərin fasiləsiz və daha effektiv daşınması barədə fikir mübadiləsi aparılıb.

İşçi qrupunun iclasında isə ümumi yığıncaq zamanı müzakirə olunmuş bəzi məsələlər təsdiq edilib, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumuna daxil olan bəzi logistika şirkətlərinin razılaşdırılmamış qiymət artımı, limanlarda konteyner və vaqonların uzun müddət yığılıb qalmasının aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi müzakirə mövzusu olub.

Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Polşanın əlaqədar qurumlarının qatıldığı toplantıda ölkəmizi ASCO ilə yanaşı, “Azərbaycan Dəmir Yolları”, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lərin, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin nümayəndələri təmsil ediblər.