Azərbaycan Respublikasının Mərkəzi Bankı(AMB) əhaliyə xəbərdarlıq edib.
AMB-dan YeniAvropa-ya bildirilib ki, son zamanlar müxtəlif bankların plastik kart sahiblərinə Mərkəzi Bankın “qaynar xətti”nin əməkdaşları adından telefon zəngləri edilərək, onların kartlarına müdaxilə risklərinin qarşısının alınması bəhanəsi ilə kart məlumatlarının istənilməsi hallarına rast gəlinib. Mərkəzi Bankın əməkdaşları tərəfindən heç bir halda sözügedən üsullarla bank xidmətləri istehlakçılarından fərdi, eləcə də bank və ödəniş kartları haqqında məlumatlar sorğu edilmir. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bank bir daha xəbərdarlıq edir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər. Vətəndaşlardan bu kimi hallarla rastlaşdıqları təqdirdə dərhal öz banklarına müraciət etmələri, habelə aidiyyəti dövlət qurumlarına məlumat vermələri xahiş edilir.