logo

Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Günü qeyd edilib

11:33 21-09-2022 | icon 1897
Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Günü qeyd edilib

Ölkənin ən böyük kibertəhlükəsizlik şirkətlərindən olan PROSOL sentyabrın 21-də ikinci dəfə “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunmuş tədbirə ev sahibliyi edir.

YeniAvropa xəbər verir ki, iki gün davam edəcək konfrans yerli və əcnəbi mütəxəssisləri bir araya gətirir. Tədbir texnoloji təkmilləşmənin yarada biləcəyi hədələr və onlara qarşı mübarizə üsulları barədə məlumat mübadiləsi üçün uğurlu platforma təmin edəcək.

PROSOL şirkəti tərəfindən ölkəmizdə “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunan ikinci tədbir olsa da, kifayət qədər beynəlxalq diqqət çəkməyi bacarıb. Belə ki, tədbirdə İsrail, Türkiyə, ABŞ, Ukrayna, Latviya, BƏƏ kimi ölkələrdən kiber mütəxəssislər, həmçinin “Nozomi”, “CheckPoint”, “SocRadar”, “Crowdstrike”, “Palo Alto Networks”, “Avnon Group”, “Nubs Group”, “Agritask”, “Pyramid Analytics”, “See Security”, “MONT”, “Elcore”, “Bakotech”, “Softprom” kimi qlobal və regional şirkətlər, o cümlədən yerli tərəfdaşlar bir araya gələcək.

“Kiber təhlükəsiz iqtisadiyyatlar: islahatlar, innovativ yanaşmalar və həllər” başlığı altında təşkil olunacaq tədbirdə 7 fərqli panel üzrə müzakirələr baş tutacaq. Panellər yerli və xarici mütəxəssislərin, Azərbaycan dövlətini təmsil edən rəsmilərin, beynəlxalq təşkilat nümayəndələrinin çıxışları və məruzələri ilə formalaşacaq.