Azərbaycan Banklar Assosiasiyasının(ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.
ABA-dan YeniAvropa-ya bildirilib ki, iclas zamanı cari ilin sentyabr ayında düşmən təxribatı nəticəsində döyüşlərdə şəhid olmuş hərbçilərimizin banklara olan bütün növ kredit öhdəliklərinin və onlara hesablanmış faizlərin Azərbaycan Banklar Assosiasiyası üzvlərinin təşəbbüsü ilə tam həcmdə silinməsi məsələsi müzakirə edilərək yekdilliklə təsdiqlənib. ABA üzvləri bir daha Azərbaycan bank icmasının hər zaman olduğu kimi Azərbaycan prezidentinin tapşırıqlarını və Mərkəzi Bankın tövsiyələrini rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklərini, işğaldan azad edilmiş torpaqlarımızda müasir bank-maliyyə infrastrukturunun qurulmasında bütün resursları ilə iştirak etməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.