logo

Ötən 8 ayda 4,4 ton  narkotika dövriyyədən çıxarılıb

11:55 16-09-2022 | icon 1813
Ötən 8 ayda 4,4 ton  narkotika dövriyyədən çıxarılıb

Bu ilin yanvar-avqust ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan YeniAvropa-ya bildirilib ki, bu ilin səkkiz ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7440 cinayət faktı aşkarlanıb. Onlardan 2604-ü narkotik vasitələrin qanunsuz satışı, 4412-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 352-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 72-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 410 kiloqram 440,04 qram və32762 həb narkotik vasitələrin və psixotrop maddələrin1 ton 886 kiloqram 460,352 qramını heroin, 1 ton 474 kiloqram 985,454 qramını marixuana, 251 kiloqram 886,831 qramını tiryək, 27 kiloqram 785,044 qramını həşiş, 260,95 qramını kokain, 32238 həb metadon, 129 kiloqram 282,257 qramını digər narkotik vasitələr və 639 kiloqram 779,152 qram və 524 ədəd həb psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 1 kiloqram 764 qram güclü təsir edən maddə, 10 kiloqram 037,6 qram zəhərli maddə,79298 ədəd narkotik xassəli çətənə bitkiləri qanunsuz dövriyyədən götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5412 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 60 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 60 xarici ölkə vətəndaşından 27-si İran, 13-ü Rusiya, 8-i Türkiyə, 7-si Gürcüstan, 1-i Türkmənistan,1-i Qazaxıstan, 1-i Pakistan, 1-i Ukrayna, və 1-i Maldiv vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 986 kiloqram 995,565 qram və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 182 fakt aşkar edilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 6 kiloqram 186,182 qram və 7952 ədəd kapsul və 2208 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 530,163 hektar sahədən çəkisi 159 ton 892 kiloqram olan 336284 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Qanunsuz dövriyyədən götürülmüş 4 ton 410 kiloqram 440,04 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 154 milyon 775 000 manat (91 milyon ABŞ dolları) kimi qiymətləndirilir.

Təhlil göstərir ki, 2021-ci ilin səkkiz ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkarlanan faktların ümumi sayı 1477, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 423, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1036, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 24 fakt artıb.

Həmçinin qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 21 kiloqram 464 qram azalıb, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1716 nəfər artıb.

Müvafiq dövr ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 58712 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2063 nəfərindən 1490-nın istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

802 - qaynar xətt telefon zəng xidmətinə 1403 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 168-ni narkotik vasitələrin qanunsuz dövriyyəsi, 586-ı narkotik asılılıqdan müalicə, 649-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 754 məktub ünvanlanıb. Belə ki, 802 - qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.