logo

Allahşükür Paşazadə dünya din liderlərinin qurultayında iştirak etmək üçün Qazaxıstana gedib 

12:02 13-09-2022 | icon 4298
Allahşükür Paşazadə dünya din liderlərinin qurultayında iştirak etmək üçün Qazaxıstana gedib 

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak etmək üçün Qazaxıstan Respublikasında səfərdədir.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, sentyabrın 13-də QMİ sədri Qazaxıstanın paytaxtı Nursultan şəhərində Sülh və Anlaşma sarayının Atrium zalında Qurultayın Katibliyinin XX sessiyasında iştirak edib.

Tədbir çərçivəsində Dünya və ənənəvi din liderlərinin Qurultaylarının Katibliyinin daimi üzvü olan QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Parlamenti Senatının sədri, Qurultay Katibliyinin rəhbəri Maulen Aşimbayev ilə görüşüb.

Səmimi şəraitdə keçən görüşdə Maulen Aşimbayev şeyxülislam Allahşükür Paşazadəyə Qurultaya dəvəti qəbul edib Qazaxıstana təşrif buyurduğuna görə öz adından və Qurultay Katibliyi adından dərin minnətdarlığını bildirib. Qazaxıstan Parlament Senatının sədri xüsusi qeyd edib ki, QMİ sədrinin Qazaxıstan Qurultayında və Katibliyin işində iştirakı bu tədbirlərin dəyərini artıran, onlara daha artıq önəm qatan hadisədir.

Şeyxülislam Allahşükür Paşazadə, öz növbəsində, bildirib ki, iki onillik tarixə malik, dinlərarası dialoqa dair nüfuzlu beynəlxalq platforma olan Qazaxıstan Qurultayları dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimlərinin səmərəli dialoq və əməkdaşlıq müstəvisi kimi olduqca dəyərlidir. Belə bir dəyərli beynəlxalq foruma dəvət üçün Qazaxıstan dövlətinə, şəxsən Qurultay Katibliyinin rəhbəri Maulen Aşimbayevə təşəkkür edən QMİ sədri Qurultayda və Katibliyin işində iştirakı özü üçün şərəf hesab etdiyini diqqətə çatdırıb. Şeyxülislam Allahşükür Paşazadə şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan xalqının adından qardaş Qazaxıstan dövlətinin Parlament Senatının sədrinə səmimi salamlarını və Qurultayın işinə xeyir-dualarını yetirib.

Sentyabrın 14-də şeyxülislam Allahşükür Paşazadə “Dünya və ənənəvi dinlərin liderlərinin postpandemiya dövründə bəşəriyyətin mənəvi və sosial inkişafında rolu” mövzusunda Dünya və ənənəvi din liderlərinin VII Qurultayda və plenar iclasda çıxış edəcəkdir.