logo

İran-Azərbaycan əlaqələri gündən-günə yüksələn xətlə inkişaf edir-İran XİN

11:55 06-09-2022 | icon 1134
İran-Azərbaycan əlaqələri gündən-günə yüksələn xətlə inkişaf edir-İran XİN

İranla Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulub və gündən-günə yüksələn xətlə inkişaf edir.

YeniAvropa xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin(XİN) rəsmi nümayəndəsi Nasir Kənani Tehranda keçirdiyi ənənəvi həftəlik mətbuat konfransında deyib. O bildirib ki, hər iki ölkənin prezidentlərinin yürütdüyü siyasətə uyğun olaraq İran-Azərbaycan münasibətləri dostluğa istinad edir və səmimi xarakter daşıyır.

Nasir Kənani deyib ki, hər iki ölkə beynəlxalq əhəmiyyətə malik iri iqtisadi layihələrdə iştirak edir. Bu layihələrdən biri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Bu dəhliz Avropa ilə Asiya qitələrini nəqliyyat baxımından birləşdirəcək. Layihədə iştirak edən ölkələr ticarət əlaqələrini və tranzit imkanlarını artıracaqlar.

Onun sözlərinə görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Rəşt-Astara dəmir yolu həm Rusiya, həm Azərbaycan, həm də İran üçün çox əhəmiyyətlidir. Buna görə də bu həftə ərzində Bakıda hər 3 ölkənin müvafiq qurumlarının nümayəndələri görüş keçirəcəklər. Görüşdə yolun tikintisinin davam etdirilməsi və tərəflərin öhdəlikləri müzakirə olunacaq. Müzakirələrin sonunda müvafiq sənədin imzalanması da gözlənilir.

İran XİN-in təmsilçisi bildirib ki, İran qonşu ölkələrlə, xüsusilə də Azərbaycan Respublikası ilə əlaqələrin inkişaf etdirilməsini xarici siyasətinin prioritet istiqaməti hesab edir. İran regionda sülhün və əmin-amanlığın davamlı olmasında maraqlıdır və bu istiqamətdə addımlar atır.

Nəzərə çatdıraq ki, Rəşt-Astara dəmir yolu Qəzvir-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin davamıdır. Bu yol İran, Azərbaycan və Rusiyanın dəmir yolu sistemlərini birləşdirəcək. Avropa və Rusiyadan Hindistana və digər Cənub Şərqi Asiya ölkələrinə yüklər məhz bu yolla daşınacaq. Yüklərin əks istiqamətə də bu yolla daşınması neft ixacatçısı olan Rusiya, İran və Azərbaycanın qeyri-neft sektorunun inkişafına təkan verəcək, bu ölkələr logistika mərkəzinə çevriləcək və büdcəyə əlavə valyuta axını təmin olunacaq. Bu baxımdan Rəşt-Astar dəmir yolunun tamamlanması vacibdir.