Azərbaycanın qadın voleybolçuları "Euro-2023"ün finalında oynamaq şansını saxlayır
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.
YeniAvropa xəbər verir ki, komandamız ötən gün Bakıdakı Voleybol Mərkəzində Sloveniya kollektivini qəbul edib. Görüşün birinci seti qonaqların 25:11 hesablı qələbəsi ilə başlayıb. İkinci seti millimiz 25:19 hesabı ilə qalib gəlsə də, növbəti hissələrdə 25:18 və 25:21 hesabı ilə məğlub olub. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.
Beləliklə ilk 4 turdan sonra xallarının sayını 11-ə çatdıran Sloveniya qrup liderliyinə yüksəlib. Azərbaycan komandası 9 xalla ikinci, Avstriya 4 xalla üçüncüdür. Xalı olmayan Gürcüstan seçməsi isə sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, yığmamız növbəti oyununu sentyabrın 7-də səfərdə Sloveniyaya qarşı keçirəcək.
Qruplarda birinci və ikinci yeri tutacaq komandalar Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı "Avro-2023"ün final mərhələsinə yüksələcək.