Milli Olimpiya Komitəsinin(MOK) 30 illik yubileyi ilə bağlı rəsmi tədbir noyabrın 10-da, 11-də keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə sentyabrın 2-də keçirilən İdman Filmləri və Proqramları Milli Televiziya Festivalına həsr edilən mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
Bildirib ki, sözügedən mərasim Avropa Olimpiya Komitəsinin tədbirləri siyahısında öz əksini tapıb.
Çingiz Hüseynzadə qeyd edib ki, yubiley tədbirləri çərçivəsində şəhər və respublika səviyyəsində bir sıra tədbirlər keçirilir. Ən böyük tədbirlərdən biri “Heydər Əliyev” zirvəsinə yürüşlə bağlı olub. Onun sözlərinə görə, ölkənin tanınmış idmançıları və jurnalistləri də bu yürüşdə iştirak ediblər. Həmçinin il ərzində keçirilən idman yarışlarında Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr edilən loqosu qoyulub. Bundan başqa, yubileylə bağlı xüsusi poçt markası, gümüş pul sikkələri buraxılacaq.
Bu tədbirlər KİV-lər vasitəsilə daim geniş ictimaiyyətə çatdırılıb.