logo

Azərbaycanın investisiya imkanları Çində beynəlxalq  sərgidə nümayiş olunur

14:59 01-09-2022 | icon 2653
Azərbaycanın investisiya imkanları Çində beynəlxalq  sərgidə nümayiş olunur

Azərbaycanın investisiya və xidmətlər ticarəti potensialı Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (CIFTIS) nümayiş etdirilir.

YeniAvropa xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan vahid ölkə stendi ilə sərgidə təmsil olunur. Sərgidə vahid ölkə stendi ilə çıxış edən Azərbaycanın investisiya potensialı ilə yanaşı, keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları da nümayiş etdirilir. Stenddə Ələt Azad İqtisadi Zonası və Azərbaycandakı sənaye parkları haqqında geniş məlumat öz əksini tapıb. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) xarici investorlara göstərə biləcəyi xidmətlər və bu qurumlarla potensial əməkdaşlığa dair geniş məlumat verilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Daha yaşıl gələcək üçün innovasiya et” mövzusunda guşəsində şirkətin yeni korporativ strategiyası çərçivəsində 2035-ci ilədək olan dövr üçün enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi fəaliyyət sahələrini əhatə edən yeni üfüqlər üzrə uzunmüddətli strateji hədəfləri haqqında məlumat yer alıb.

Bu, Azərbaycanın Çində keçirilən ən önəmli beynəlxalq sərgilərdən olan CIFTIS-də ardıcıl 4-cü iştirakıdır. Sentyabrın 5-dək davam edəcək sərgi çərçivəsində 200-ə yaxın müxtəlif formatda tədbirin keçirilməsi planlaşdırılıb. Bunlardan biri də Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin və Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyası ilə birgə keçiriləcəyi “Azərbaycan - investisiya və ticarət imkanları” forumudur. Bundan başqa, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu “Xarici ölkələrə çıxış” sammitində ölkəmizin investisiya potensialına dair təqdimatla çıxış edəcək.

Qeyd edək ki, 2012-ci ildən keçirilən CIFTIS sərgisinin əsas təşkilatçıları Çinin Kommersiya Nazirliyi və Pekin meriyasıdır. Bununla yanaşı, Dünya Ticarət Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı CIFTIS-i daim dəstəkləyən qurumlardır. Oflayn-onlayn rejimində keçirilən builki sərginin ekspozisiya sahəsi 152 min kvadratmetrdir. Dünyanın ən güclü 500 şirkətindən 446-sı sözügedən sərgidə iştirak edir. CIFTIS-in daimi şüarı “Qlobal xidmətlər, ortaq rifah”dır. Builki sərgi isə “Daha yaxşı inkişaf üçün əməkdaşlıq et, daha yaşıl gələcək üçün innovasiya et” mövzusunda keçirilir. Sərgidə karbon neytrallaşdırması, ekoloji və ətraf mühitin mühafizəsi, yaşıl enerjiyə qənaət texnologiyaları, süni intellekt və maliyyə texnologiyaları kimi mövzulara da xüsusi önəm verilir.