logo

Qadın şahmatçılarımız Avropa çempionatında gümüş və bürünc medal qazanıblar

19:20 31-08-2022 | icon 8498
Qadın şahmatçılarımız Avropa çempionatında gümüş və bürünc medal qazanıblar

Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında bu gün son turun oyunları keçirilib.

YeniAvropa xəbər verir ki, turnir cədvəlində ikinci sırada qərarlaşan şahmatçımız Günay Məmmədzadə Aleksandra Maltsevska (Polşa), Gövhər Beydullayeva Nana Dzaqnidze (Gürcüstan) və Ləman Hacıyeva Yolanta Zavadska (Polşa) ilə heç-heçə edib.

Ülviyyə Fətəliyeva Azərbaycan millisində komanda yoldaşı olan Gülnar Məmmədova, Xanım Balacayeva Alisiya Sliviçka (Polşa) və Səbinə İbrahimova Mixalina Rudzinska (Polşa) üzərində qələbə qazanıb.

Lider Monika Soçko (Polşa) Lilit Mkrtçyanla (Ermənistan) heç-heçə edərək xalını 8,5-ə çatdırıb və Avropa çempionu olub. Günay Məmmədzadə 8 xalla gümüş, eyni xala sahib olan Ülviyyə Fətəliyeva isə bürünc medal qazanıb.

Gülnar Məmmədova 7 xalla 15-ci, Gövhər Beydullayeva və Xanım Balacayeva eyni xalla 19-20-ci, Ləman Hacıyeva 6,5 xalla 23-cü və Səbinə İbrahimova 52-ci olub.