logo

Sentyabrın 5-dən çaylarda sululuğun artacağı gözlənilir

13:13 31-08-2022 | icon 1246
Sentyabrın 5-dən çaylarda sululuğun artacağı gözlənilir

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqust ayında hava şəraitinin az yağıntılı və anomal isti keçməsi, eyni zamanda, su səthində buxarlanmanın artması nəticəsində çaylarda sululuq kəskin azalıb.

Yalnız avqustun 8-də yağan intensiv leysan yağışları nəticəsində Kiçik Qafqaz ərazisindən axan Dəstəfürçay və Gəncəçay çaylarından qısamüddətli sel keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində ay ərzində orta aylıq su sərfi 115 kubmetr/saniyə olmaqla normadan 10 faiz az, 2021-ci illə müqayisədə 32 faiz çox, Qanıx çayının Əyriçay məntəqəsində ay ərzində orta aylıq su sərfi saniyədə 13,4 kubmetr olmaqla normadan 83 faiz az, keçən il ilə müqayisədə 50 faiz az olub.

Kiçik Qafqaz çaylarında sululuq normadan 25 faiz az, ötən il ilə müqayisədə 36 faiz çox, Böyük Qafqaz çaylarında sululuq normaya yaxın, keçən il ilə müqayisədə 18 faiz çox, Lənkəran-Astara bölgəsi çaylarında sululuq normadan 15 faiz az, keçən il ilə müqayisədə isə 65 faiz çox olub. Kür çayının aşağı axınında suyun səviyyəsi keçən il ilə müqayisədə 30-40 santimetr çox, sululuq isə 26-53 faiz çox olub. Çayda orta duzluluq bu il 0,7 qram/litr, əvvəlki il isə 7,3 qram/litr təşkil edib.

Mingəçevir su anbarından buraxılan suyun həcminin keçən il ilə müqayisədə 40 faiz çox olması ilə əlaqədar Kürün aşağı axınında sululuq ötən il ilə müqayisədə çox olub.

Sentyabrın 5-dən sonra gözlənilən yağışlı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun nisbətən artacağı gözlənilir.

Respublikanın çaylarında olan vəziyyətlə bağlı yenilənmiş məlumatları meteo.az saytından əldə etmək olar.