Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, 9 gün davam edən yarışı Azərbaycan milli komandası 1 qızıl, 1 gümüş və 3 bürünc medalla bitirib.
Yığmanın heyətində Sübhan Babayev (44 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emanuel Kioaba (Rumıniya), Tsotne Muntçava (Gürcüstan) və Georgi Ralfa (İngiltərə) qalib gələn boksçu finalda italiyalı Antoni El Moettini də məğlub edib. O, həlledici döyüşdə 4:1 hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.
Əli Məmişov (70 kiloqram) gümüş medala sahib olub. Orestas Staponkus (Litva), Niko Qoretaya (Xorvatiya) və Nikalaos Bliatzeyə (Yunanıstan) qalib gələn idmançı finalda Giorgi Biqvava (Gürcüstan) ilə qüvvəsini sınayıb. Rəqib qələbə qazandığından Məmişov ikinci yeri tutub.
Komandamızın aktivinə bürünc medalları isə Bağır Əlimxanlı (46 kiloqram), Kənan Aslanlı (60 kiloqram) və Banuçiçək Nəsirli (44 kiloqram) yazdırıblar.
28 ölkədən 378 idmançının qatıldığı yarışda 4 medal qazanan oğlanlardan ibarət milli Avropada Gürcüstanla birgə dördüncü yeri tutub. Yarışda ümumilikdə 10 ölkənin boksçusu çempionluq sevinci yaşayıb. Birinci pilləni İngiltərə (4-2-4) tutub. İkinci yerdə Ukrayna (3-4-0) qərarlaşdığı halda, “üçlüy”ü İrlandiya (2-1-4) qapayıb.
Bir bürünc medal qazanan qızlardan ibarət yığmamız Moldova ilə birgə 11-ci pillədə yer alıb. Avropa birincisi isə 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan Türkiyə olub.