logo

Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının püşkü atılacaq

10:10 07-07-2022 | icon 3199
Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının püşkü atılacaq

Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının 2022/2023-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılacaq. Azərbaycan çempionu “Araz-Naxçıvan” mübarizəyə əsas mərhələdən start verəcək.

YeniAvropa xəbər verir ki, təmsilçimiz B yolunda mübarizə aparacaq. Reqlamentə əsasən, B yolundan elit-raunda yalnız qrup qalibi vəsiqə qazanacaq. İlkin mərhələdə 32 komanda 8 qrupda yarışacaq. Yalnız öz qrupunda birinci pilləni tutacaq komandalar əsas mərhələnin B yolunda iştirak etmək hüququ qazanacaq.

Əsas mərhələnin oyunları oktyabrın 25-30-da keçiriləcək. Dörd ölkə - İspaniya, Portuqaliya, Qazaxıstan və Xorvatiya hər biri iki klubla təmsil olunacaq. Həmin komandalar da mübarizəyə təmsilçimiz kimi, əsas mərhələdən start verəcəklər. Xorvatiyanın bu şansı qazanması Rusiyanın FIFA və UEFA tərəfindən cəzalandırılması ilə bağlıdır.

Yarışın sonuncu qalibi “Barselona” və turnir cədvəlinin ilk 11 pilləsində yer alan komandalar, eləcə də 16-19-cu pillədəki klublar A yolunda mübarizə aparacaq. Hər qrupdan 3 komanda elit-raunda vəsiqə qazanacaq.

On yeddinci dəfə bu yarışda iştirak edəcək “Araz-Naxçıvan”ın da yer aldığı B yolunda reytinq cədvəlinin 12-15 və 20-23-cü pillələrində yer alan komandalar, eləcə də ilkin mərhələdən vəsiqə qazanacaq klublar yarışacaq. Təmsilçimiz 22-ci pillədə yer alıb.