Ağdamın "Qarabağ" futbol klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.
YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi birinci təsnifat mərhələsinin ilk oyununda Polşanın "Lex" komandasının qonağı olacaq. Poznan şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək.
Oyun öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Meydan sahiblərindən isə 2 futbolçu oyunu buraxacaq. Polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün meydana çıxmayacaqlar.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.