logo

Hazırda Zaqatalada axan bir neçə çaydan sel keçir

14:54 04-07-2022 | icon 1575
Hazırda Zaqatalada axan bir neçə çaydan sel keçir

İyulun 4-ü saat 14:00-a olan məlumata əsasən hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli, intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, gecə saatlarında başlayan yağış nəticəsində iyulun 4-ü saat 04:00-05:00 radələrində Zaqatala rayonu ərazisindən axan Qaraçaydan (Böyükçay), Talaçaydan, Qımırdan, Qımırbazar kəndindən sel keçib və hazırda proses davam edir.

Düşən yağışın miqdarı Balakəndə 83 (aylıq normanın 108 faizi), Zaqatalada 80 (aylıq normanın 104 faizi), Sarıbaşda (Qax) 22, Kişçayda (Şəki) 16, Astarada 14, Qəbələdə 10, İsmayıllıda 9, Xınalıqda 8, Altıağac, Xaltanda 7, Qrızda 5, Bərdədə 4, Şahdağ, Qobustanda 3, Ləzə (Qusar), Oğuzda 2, Ağdamda 1 millimetr olub.

Şahdağda qar yağıb, qar örtüyünün hündürlüyü 1 santimetr təşkil edib.

Qərb küləyi əsib, arabir Naftalanda 20, Bakıda və Abşeron yarımadasında 15-17 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyanın məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Havanın maksimal temperaturu iyulun 3-də Bakıda iqlim normasından 1° aşağı olub. Belə ki, Bakıda və Abşeron yarımadasında 25-27°, Naxçıvan Muxtar Respublikasında 27-33° isti, dağlıq rayonlarda 17-21°, Aran rayonlarında 26-33° isti olub.