logo

Güləşçimiz Cəbrayıl Qadjiyev Avropa çempionatının qalibi olub

09:49 04-07-2022 | icon 3157
Güləşçimiz Cəbrayıl Qadjiyev Avropa çempionatının qalibi olub

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.

YeniAvropa xəbər verir ki, yarışın 6-cı günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində yer alan sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Güləşçimiz Cəbrayıl Qadjiyev (74 kq) yunan Georgios Terzidisə (10:0) və Luka Finizioya (11:0) tam üstünlüklə qalib gəlib. Qadjiyev 1/4 finalda rumıniyalı Kristian Birodan güclü olub - 6:2. Yarımfinalda türkiyəli Muhammed Özmuşu 7:0 hesabı ilə məğlub edən təmsilçimiz adını finala yazdırıb. Cəbrayıl finalda moldovalı Georgi Karayla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (11:0) qalib gələn Qadjiyev 2-ci dəfə Avropa çempionu olub.

Xatırladaq ki, Cəbrayıl ötən il Dortmundda keçirilən analoji yarışda da Avropa çempionatının qızıl medalına sahib çıxmışdı.

Ramik Heybətov (61 kq) ilk görüşdə kosovolu Fatlum Brakaya heç bir şans tanımayıb - 13:0. Heybətov 1/4 finalda almaniyalı Marsel Vaqini üstələyib - 4:2. Ancaq yarımfinalda fransalı Xamzat Arsamerzoyevə sonuncu xal prinsipinə əsasən məğlub olub - 3:3. Ramik türkiyəli Abdullah Topraka minimal fərqlə (1:0) qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb.

Fərid Cabbarov (86 kq) 1/8 finalda almaniyalı Daniel Fişerə minimal fərqlə (2:1) qalib gəldikdən sonra gürcü Daviti Koquaşviliyə uduzub - 3:5. Ancaq rəqib finala yüksəldiyi üçün Cabbarov təsəlliverici görüşə çıxıb. Macar Nandor Hayduku (10:0) çətinlik çəkmədən mübarizədən kənarlaşdıran Fərid bürünc medal uğrunda qarşılaşmada ukraynalı Nazar Doda uduzub - 3:5.

Abdulcəlil Şabanov (92 kq) ilk görüşdə ukraynalı Denis Sahaliuka (0:4), Aslan Abakarov (125 kq) isə bolqar Georgi İvanova (4:7) məğlub olub.

Beləliklə, sərbəst güləş üzrə gənclərdən ibarət komandamız qitə birinciliyinin son günündə 1 qızıl və 1 bürünc medal qazanıb.