logo

İranın İslam Şurası Məclisi sədrinin müavini Milli Məclisdə olub

19:59 01-07-2022 | icon 1792
İranın İslam Şurası Məclisi sədrinin müavini Milli Məclisdə olub

İyulun 1-də Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İranın İslam Şurası Məclisi sədrinin müavini Abdolreza Mesrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

YeniAvropa xəbər verir ki, qonağı salamlayan Fəzail İbrahimli bu cür görüşlərin münasibətlərin inkişafına müsbət təsir etdiyini söyləyib. O bildirib ki, İran İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub.

Dövlət başçılarımız arasında səmimi dostluq münasibətlərinin olduğunu deyən Fəzail İbrahimli xalqlarımızın bir-biri ilə mehriban qonşuluq əlaqələrini xüsusi qeyd edib.

Fəzail İbrahimli müstəqillik əldə etdikdən sonra üzləşdiyimiz çətinliklər, torpaqlarımızın Ermənistan tərəfindən işğalı barədə söz açıb. O, həmçinin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə haqqında danışıb. Azərbaycan dövlətinin bu Qələbəyə gətirib çıxaran fəaliyyətinə toxunan Milli Məclis sədrinin müavini Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordunun şücaəti, xalqın birliyi sayəsində öz gücümüzə ərazi bütövlüyümüzün bərpa edildiyini vurğulayıb. Fəzail İbrahimli Azərbaycanı bu haqq işində İslam aləminin, o cümlədən İran İslam Respublikasının dəstəkləməsini xüsusi qeyd edib və buna görə təşəkkürünü bildirib.

İranın İslam Şurası Məclisi sədrinin müavini Abdolreza Mesri ölkəsinin Azərbaycanla sıx dostluq əlaqələrindən söz açıb. Bildirib ki, İran Azərbaycanın əldə etdiyi uğurlara səmimi qəlbdən sevinir.

Qonaq ölkəmizdə keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. Abdolreza Mesri, həmçinin ölkəsinin keçdiyi inkişaf yolundan, əldə etdiyi uğurlardan söhbət açıb. Eyni zamanda, bildirib ki, Azərbaycan uzun illər münaqişə şəraitində yaşamasına baxmayaraq, yüksək inkişaf, irəliləyiş əldə edib.

Görüşdə Milli Məclisin deputatları Eldar İbrahimov, Cavanşir Paşazadə, Fazil Mustafa və digər rəsmi şəxslər iştirak ediblər.

Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzular barədə də fikir mübadiləsi aparılıb.