logo

Bakıda Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

15:35 01-07-2022 | icon 2758
Bakıda Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

İyulun 5-də  Bakıda “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

YeniAvropa xəbər verir ki, tədbirin təşkilatçısı Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. 

Xəzəryanı ölkələrin mütəxəssislərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və xarici ekspertlərin qatılacağı konfransda Xəzər dənizinin səviyyə tərəddüdləri və azalma səbəbləri, regional uyğunlaşma tədbirlərinin hazırlanması, birgə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Eyni zamanda, iqlim dəyişmələri üzrə hökümətlərarası ekspert qrupunun bu ilin iyun ayında Bonn şəhərində İqlim Dəyişmələri üzrə Çərçivə Konveniyasının Elmi və Texniki aspektlər üzrə Yardımçı Təşkilatının 56-ci sessiyasında təqdim etdiyi qiymətləndirmə hesabatının nəticələri, son onillikdə iqlim dəyişmələri tempinin artması və gələcəkdə gözlənilən tərəddüdlərə dair aparılan araşdırmalar ətrafında fikir mübadiləsi aparılacaq.

Konfransda həmçinin, Xəzər dənizinin səviyyə tərəddüdlərinə dair orta və uzunmüddətli müxtəlif proqnoz-ssenarilərin seçilməsi, buna uyğun Xəzər dənizinin sahilyanı əraziləri üçün Uyğunlaşma Planının hazırlarmasında regional yanaşmanın tətbiq edilməsi sahəsində birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məsələsinə də baxılacaq.