Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşı olmaqla, bu ölkəyə ən çox sərmayə yatıran ölkələrdən biridir.
YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Sərxan İsmayılov Azərbaycan-Gürcüstan biznes forumundakı çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Azərbaycan şirkətləri tərəfindən indiyədək Gürcüstan iqtisadiyyatına 3,5 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Təkcə SOCAR tərəfindən Gürcüstan iqtisadiyyatına təxminən 1,5 milyard dollar həcmində investisiya yatırılıb.
Azərbaycan şirkətləri, o cümlədən SOCAR Gürcüstanın ən böyük vergi ödəyiciləridir. Həmçinin bu şirkətlər tərəfindən yatırılan sərmayələr hesabına Gürcüstanda minlərlə iş yeri yaradılıb.
Diplomat deyib ki, statistikaya əsasən, Gürcüstanda 3000-ə yaxın Azərbaycan kapitallı şirkət qeydiyyatdan keçib və onlardan təxminən 1000-dən artığı aktivdir.
Azərbaycan şirkətləri əsasən enerji, nəqliyyat və kommunikasiya, tikinti, istehsalat, mehmanxana və restoran xidmətləri, daşınmaz əmlak, maliyyə və dağ-mədənə sərmayə qoyublar.
Eyni zamanda, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən qeyri-neft sektorunda fəaliyyət göstərən Gürcüstan kapitallı 600-ə yaxın şirkət qeydiyyatdan keçib və onlar da uğurlu fəaliyyət göstərirlər.