İran ilə Azərbaycan arasındakı qarşılıqlı etimad və müxtəlif sahələr üzrə əlaqələrin inkişafı hər iki xalqın maraqlarına cavab verir.
YeniAvropa xəbər verir ki, bu sözləri İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Haşimi Qazizadə Azərbaycana səfərinin yekunları haqqında danışarkən deyib. O bildirib ki, ətən həftə Azərbaycana səfəri zamanı keçirdiyi görüşlər çox səmərəli olub : " Səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün böyük imkanlar var. Azərbaycanın səhiyyə naziri ilə keçirilən görüşdə qərara alındı ki, Pirallahı qəsəbəsində birgə əczaçılıq zavodunun inşası sürətləndirilsin".
Nazir deyib ki, tibbi xidmətlərlə bağlı da fikir mübadiləsi aparılıb və Azərbaycanda xəstəxana tikilməsi məsələsi müzakirə edilib. Eyni zamanda, iranlı həkimlərin Azərbaycanın müxtəlif xəstəxanalarında əhaliyə xidmət göstərməsi məsələsinə də toxunulub. Bununla yanaşı, iranlı və Azərbaycanlı həkimlərin birgə konfranslar təşkil edib təcrübə mübadiləsi aparmaları haqqında razılıq əldə olunub.
İranlı nazir Bakıda çox yüksək səviyyəli və bütün avadanlıqlarla təchiz edilmiş xəstəxanaların olduğunu bildirərək Azərbaycanda səhiyyənin inkişaf etdiyini söyləyib.
Nazir azərbaycanlı həmkarını İrana dəvət etdiyini diqqətə çatdırıb.